Kaliforniya yol tikintisi ilə əlaqədar bağlanan sahələr və yol patrulunun hərəkəti yavaşlatması ilə bağlı bir sıra insidentlərdən sonra Waymo-ya sürücüsüz avtomobillərini ştatın magistrallarında işlətməyi və ya sınaqdan keçirməyi qadağan edib. The Guardian-ın dərc etdiyi Associated Press xəbərinə görə, ştatın Nəqliyyat Vasitələri Departamenti avtomobillərin ictimai təhlükəsizlik üçün qaçılmaz təhlükə yaratdığını bildirib.
Departamentin məlumatına görə, noyabrın 5-də üç Waymo avtomobili San-Fransiskonun cənubunda davam edən yol işləri səbəbindən bağlanmış sahəyə daxil olub. Ertəsi gün Waymo avtomobili San-Fransisko magistralında hərəkəti yavaşladan Kaliforniya Yol Patrulunun maşınlarını keçməyə çalışarkən lentə alınıb. DMV sözçüsü Conatan Qrovman oxşar insidentlərin mayın 18-də də baş verdiyini söyləyib.
Məhdudiyyət ötən çərşənbə tətbiq edilib. Alphabet-in törəmə şirkəti olan Waymo ötən il avtonom avtomobillərinin fəaliyyətini San-Fransisko, Los-Anceles və Feniks ətrafındakı magistrallara və ştatlararası yollara genişləndirib. Şirkət bildirib ki, Kaliforniyadakı US 101 yolunun tikinti zonalarında son hadisələr zamanı xəsarət alan və ya toqquşma olmayıb.
Waymo fəaliyyətin nəticələrini qiymətləndirdiyi müddətdə digər bazarlarında da magistrallardakı fəaliyyəti müvəqqəti məhdudlaşdırdığını, lakin avtomobillərinin Kaliforniya şəhərlərinin küçələrində normal işləməyə davam etdiyini bildirib. DMV-nin sözlərinə görə, Kaliforniyadakı məhdudiyyət Waymo effektiv düzəldici tədbirlər gördüyünü nümayiş etdirənədək qüvvədə qalacaq; xəbərdə bunun nə vaxt baş verə biləcəyi deyilməyib.



