Çinin korrupsiyaya qarşı mübarizə qurumu hakim partiyanın Siyasi Bürosunun üzvü, Şanxay Kommunist Partiyasının rəhbəri Çen Szinini araşdırmağa başlayıb. Bu barədə Al Jazeera dövlətin Xinhua xəbər agentliyinə istinadən məlumat yayıb. Məlumata görə, 62 yaşlı Çen partiya intizamını və qanunları ciddi şəkildə pozmaqda şübhəli bilinir.
Çen ötən ildən bəri barəsində araşdırma aparılan dördüncü Siyasi Büro üzvüdür. 24 nəfərlik qurumun 2022-ci ildə başlayan hazırkı səlahiyyət müddətində artıq üç üzv vəzifədən uzaqlaşdırılıb: yüksək rütbəli hərbçilər Çjan Yousya və He Veydun, eləcə də əyalət partiya katibi Ma Sinjui. Araşdırmalar Prezident Si Cinpinin korrupsiyaya qarşı kampaniyasının bir hissəsidir.
Çen 2022-ci ildə Şanxaydakı vəzifəni tutmazdan və Siyasi Büroya qoşulmazdan əvvəl Çinin ətraf mühitin mühafizəsi naziri və Pekinin meri vəzifələrində çalışıb. O, London İmperial Kollecində ətraf mühit mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb və Tsinxua Universitetinin prezidenti olub.
Şanxay partiya rəhbərliyi əyalət səviyyəsində mühüm vəzifədir. Si, Baş nazir Li Tsyan və vitse-prezident Han Çjen mərkəzi rəhbərlikdə vəzifələrə keçməzdən əvvəl bu postu tutublar. Bundan ayrı olaraq, elm və texnologiya nazirliyinin yüksək vəzifəli rəsmisi Liu Min də intizam və qanun pozuntuları şübhəsi ilə araşdırılır. Məlumatda hər iki rəsmi ilə bağlı iddiaların təfərrüatı açıqlanmayıb.



