Çin və Avstraliya 2035-ci ilədək son enerji istehlakının 35%-nin elektriklə qarşılanması hədəfini dəstəkləyib. Çinin iqlim məsələləri üzrə yüksək vəzifəli müşaviri Pekinin başqa ölkələrə aşağı karbonlu elektrikləşdirməni genişləndirməkdə kömək edəcəyini deyib. Bu barədə The Guardian Türkiyənin Antalya şəhərində keçirilən COP31-dən xəbər verir.
Birgə bəyanat sammitin yekun sənədinin ikinci layihəsində elektrikləşdirmənin istixana qazları emissiyalarını azaltmaq üçün bir neçə könüllü seçimdən biri kimi nəzərdən keçirildiyi vaxt verilib. Danışıqlara sədrlik edən Avstraliya və ev sahibi Türkiyə 35%-lik hədəfi təşviq edib. Məlumata görə, ötən il Çində enerji istehlakının təxminən 30%-i elektrik enerjisinin payına düşüb.
Çin Elmlər Akademiyasının professoru və hökumətin yüksək vəzifəli müşaviri Wang Yi The Guardian-a bildirib ki, Çin 2035-ci il hədəfini dəstəkləyir, lakin bütün elektrik enerjisinin aşağı karbonlu mənbələrdən alınmasını tələb etmək hətta Çin üçün də çətin olardı. O deyib ki, ölkə təcrübəsini bölüşəcək və başqalarına öz enerji sistemlərini inkişaf etdirməyə kömək edəcək.
Bu fərq hədəfin təmiz elektrik enerjisi ilə əlaqələndirilməsini istəyən və seçimin açıq qalmasının daha çox qazla işləyən elektrik stansiyasını təşviq edə biləcəyindən narahat olan fəallar üçün əhəmiyyətlidir. Çin hələ də çoxlu kömür elektrik stansiyası işlədir və bir neçə yenisini planlaşdırır. Cümə günü danışıqlar dalana dirəndikdən sonra iştirakçılar sammitin nəticəsini razılaşdırmamışdılar, buna görə yekun mətnin ifadəsi qeyri-müəyyən qalmışdı.



